UNEC-in Həmkarlar İttifaqı Komitəsinin sədri Rüfət Süleymanlı, THİK sədri İlkan Əliyev, Tələbə-rektor Cabbar Cəlilov, TEC-in sədri Nəzrin İbrahimova və fəal tələbələr 31 mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.
UNEC kollektivi abidənin önünə gül dəstələri düzdükdən sonra, onlara ermənilərin törətdikləri soyqırım barədə məlumat verilib.
Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, əhalinin həyat tərzi haqqında fotolar var. Kompleksdə quraşdırılan monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı ölkəmizin müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür. Qeyd olunub ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.
Martın 31-i Azərbaycanın tarixində unudulmaz bir gündür.Günlər var ki, sevincinin böyüklüyü ilə, günlər də var ki, fəlakət və qüssənin əzaməti ilə unudulmazdır.31 mart ikinci günlərdən idi.