Oktyabrın 7-si II Qarabağ müharibəsində döyüşərək şəhidlik zirvəsinə ucalmış UNEC məzunu Qarayev Süleymanın anım günü idi.
Sabirabad rayonunda qeyd olunan anım günündə şəhidin ailə üzvləri ilə yanaşı UNEC THİK sədri İlkan Əliyev, UNEC-in Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev və fəal tələbələr iştirak edib. şəhidin oxuduğu orta məktəbdə Şəhidə həsr olunmuş tədbir keçirilib.Tədbirdə məktəbin şagirdləri Vətənpərvərlik mövzusunda mahnılar və şerlər səsləndirib.Şəhidin həyat hekayəsindən bəhs ediblər.
Daha sonra şəhidin əziz xatirəsini ehtiramla yad edərək, məzarı önünə gül dəstələri qoyublar.
Körpəsinin üzünü bircədəfə görən Süleyman Qarayev 1995-ci il iyulun 3-də Sabirabad rayonunun Qalaqayın kəndində anadan olub.2001-2012-ci illərdə Sabirabad rayonunun Mirzə Ələkbər Sabir adına orta məktəbində təhsil alıb. 2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və audit fakültəsinə qəbul olub. Rus və ingilis dillərini yaxşı bilirdi.Evli idi.2 oğul övladı var.
Süleyman Qarayev 2016-cı ildə ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılıb. 2016-2017-ci illərdə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda snayperçi kimi həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Ordusunun ehtiyatda olan əsgəri Süleyman Qarayev sentyabr ayının 21-dən könüllü olaraq hərbi təlimlərə qoşulub və sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinə qoşulub. Oktyabrın 7-də Ağdam rayonunun azadlığı uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə ucalmışdır. Doğulduğu Sabirabad rayonunun Qalaqayın kəndində dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Süleyman Qarayev ölümündən sonra "Vətən uğrunda" medalı, "Xocavəndin azad olunmasına görə" medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.