AHİK sədri Səttar Möhbalıyev Gürcüstanda səfərdədir
Gürcüstan Həmkarlar İttifaqları Konfederasiyasının XV Qurultayı keçirilir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Tbilisi şəhərində Qurultayda iştirak edir.

AHİK sədri həmçinin Qurultayın ilk günü xaricdən dəvət olunan qonaqların iştirakı ilə təşkil olunmuş “Demokratiya və layiqli əməyin inkişafı naminə sülh və dayanıqlı inkişafı təşviq edən həmkarlar ittifaqları” adlı konfransa qatılıb.

Daha sonra S.Möhbalıyev Qurultayda çıxış edib. O, Azərbaycan və Gürcüstan həmkarlar ittifaqları arasında mövcud olan münasibətlərdən, təşkil olunan qarşılıqlı səfərlərin əhəmiyyətindən, aparılan təcrübə mübadilələrindən, onun effektli nəticələrindən, iki qurum arasında imzalanmış Əməkdaşlıq Memorandumu çərçivəsində görülən işlərdən danışıb.
Konfransın mövzusunu aktual hesab edən AHİK sədri bildirib ki, bu bütün dünya üçün əhəmiyyətlidir: “Demokratiya daim inkişaf edən bir prosesdir və hər bir yeni nəsil öz dəyər və prinsiplərini, o cümlədən qanunun aliliyi və insan haqlarını daha da inkişaf etdirmək və zənginləşdirmək üçün səy göstərməlidir. Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) Təsis Bəyannaməsində elan edilmiş prinsiplər bizi demokratik hüquq və azadlıqları hər yerdə təşviq etməyi tövsiyə edir. Firavan həyat demokratiyadan, layiqli əməkdən və kütləvi qırğın silahlarından xilas olmaqdan asılıdır. Sülh və demokratik hüquqlar Dayanıqlı İnkişaf Məqsədlərini həyata keçirmək üçün son dərəcə vacib amildir. Əminliklə deyə bilərik ki, bütün dünyada həmkarlar ittifaqları sülh, demokratik hüquq və azadlıqlar uğrunda mübarizədə öndə gedən təşkilatlardandır”.

“Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində əsas yük dövlətin üzərinə düşür. Həmkarlar ittifaqları ictimai təşkilat olaraq dövlətin qarşıya qoyduğu məqsədlərə çatmasına kömək etməlidir və təbii ki, bu prosesə fəal dəstək verirlər. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası üzv təşkilatlarla  məsləhətləşmələr aparır, DİM-in ölkənin inkişafındakı roluna dair regionlarda çoxsaylı seminarlar keçirir”, – S.Möhbalıyev deyib.

AHİK sədri həmçinin dünyada yaşayış səviyyəsinə və əməkhaqqına təsir göstərən əməyin keyfiyyətinin və məhsuldarlığının yüksəldilməsini, iş şəraitinin yaxşılaşdırılmasını, əmək şəraitində qadın və kişilərə bərabər imkanların yaradılmasını vacib hesab edib. Vurğulayıb ki, bütün əmək qabiliyyətli insanları normal gəlirli,  iş yerində təhlükəsizliyi təmin edən, ailələrin sosial müdafiəsini gücləndirən, onların şəxsiyyət kimi formalaşmasına və cəmiyyətə inteqrasiyasına imkan verən layiqli işlə təmin etmək günümüzün ən aktual məsələlərindəndir”.

Bizimlə əlaqə

+994 12 492 59 03 (daxili 1152)

adiu-thik@atiahi.org

Azərbaycan, Bakı şəhəri, İstiqlaliyyət, 6 (UNEC I tədris binası)

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo